“Ferrrari” ilə “Mersedes” aparıcı pilotları ilə yeni müqavilələrlə bağlı danışıqlara başlamaq niyyətindədir.
Nüfuzlu “Motorsport” nəşrinin məlumatına görə, Sebastyan Fettellə Lüis Hemilton komandalarına aprelin sonuna qədər cavab verməlidir. Mənbə qeyd edir ki, italyanlar Fettelin tələblərini dinləməyə hazırdır.Onlar idmançıya 2 illik müqavilə təklif edir. Amma istənilən halda, almaniyalı pilotun məvacibi azaldılacaq. Fettel imtina etsə “Ferrari” ya Karlos Sayns ya da Daniel Rikkardo ilə danışıqlara başlaya bilər.
Elə “Mersedes” də Lüis Hemiltona iki illik müqavilə təklif edir. Amma burada bir fərq var. Fettelin əməkhaqqını “Ferrari”nin azaldacağı dəqiqdirsə, “Mersedes”in eyni addımı atacağı haqda heç bir məlumat yoxdur. Çünki Fetteldən fərqli olaraq Hemilton öz komandasına fayda verir. Lakin məsələ ondadır ki, Hemilton da “Mersedes”dən daha çox pul tələb edir. Almanların bu təklifə nə cavab verəcəyi maraq doğrurur. Hemiltonla razılıq əldə olunmasa, “Mersedes” komandasının icraçı direktoru Toto Volffun alternativi azalacaq. Deyilənə görə, onun “Vilyams”ın pilotu gənc Corc Rasseldən başqa variantı yoxdur.
Yeri gəlmişkən, son vaxtlar mətbuat Hemiltonla Ferstappenin “Mersedes”də tandem təşkil edəcəyi haqda fərziyyələr irəli sürür. Amma Maksın atası Yos Ferstappen bu işin gerçəkləşəcəyinə inanmadığını bildirib. O, belə bir perspektivi maliyyə məsələsinə görə mümkün saymır.